суббота, 19 ноября 2011 г.



Mehdiəliyev Ağamehdi İbadulla oğlu 1952-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini Talıstan kəndində alıb, 1967-ci ildə Bakı şəhərindəki fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbin 9-cu sinfinə daxil olmuş və məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə  Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və oranı 1974-cü ildə bitirərək təyinatla AZMEA-nın Kibernetika İnstitutuna göndərilmişdir. 1977-1979-cu illərdə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda (Minsk şəhəri)  stajirovka keçmişdir. 1982-ci ildə Minsk şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir. Kibernetika İnstitutunda kiçik elmi işçi, Bakı Dövlət Universitetində aparıcı elmi işçi, Xalq Təhsil Nazirliyində “Təhsilin planlaşdırılması və proqnozlaşdırılması” laboratoriyasının müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində aparıcı elmi işçi, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent vəzifələrində çalışmışdır. O, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının dosenti vəzifəsində işləməklə bərabər müxtəlif ali məktəblərdə optimallaşdırma üsulları, sosial-iqtisadi proqnozlaşdırma, statistik analiz, informatika, müxtəlif təyinatlı intellektual sistemlər, maşın tərcüməsi sahələrində mühazirələr də oxuyur. Ölkədə həyata keçirilən informasiya kommunikasiya texnologiyaları üzrə layihə və tədbirlərdə fəal iştirak edir. Belə ki, o, MICROSOFT firmasının sifarişi ilə WINDOWS VISTA və MICROSOFT OFFICE 2007 proqramlarının Azərbaycan dilində lokallaşdırılması layihəsində iştirak etmiş, mətnləri Azərbaycan dilindən ingilis dilinə və tərsinə tərcümə edən “DİLMANC” kompüter sisteminin yaradıcılarından biri olmuşdur. 80-dən yuxarı elmi məqalənin və 6 kitabın müəllifidir. Onun həmmüəllif olduğu “Теория игр” (1995, 84 səh.), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004, 196 səh.), müəllifi olduğu “Встроенные функции EXCEL” (2008, 444 səh.), “Statistik funksiyalar” (2010, 66 səh.), “Windows XP в лекциях и упражнениях” (2010, 274 səh.), “Microsoft EXCEL:Statistik funksiyalar(2013, 216 səh.)  kitablarından Akademiyanın tədris işlərində geniş istifadə olunur. O, 30-dan çox beynəlxalq və respublika konfranslarında iştirak etmiş, kibernetika, iqtisadiyyat, informatika, təhsil problemləri, intellektual sistemlər üzrə məruzələrlə çıxış etmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2013-cü ildə "NETTY" Milli İnternet Mükafatının nominantı olmuşdur.